Professor Anaxanım Hüseynbəy qızı Xanlarova
Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri də texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək
dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur.
Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. 1915 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı, maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı.
Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Həmin dövrdə ölkədə özünü müsbət cəhətdən göstərən tələbələr praktiki işə cəlb edilirdi. Onlar üçün nəzəri biliklərini tətbiq etməyə şərait və maddi durumlarını yaxşılaşdırmağa imkan yaradılırdı. Tələbə Anaxanım 1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Kimya İnstitutunda laborant vəzifəsində işə başlayır. O, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə başa vuran, A.Xanlarova o dövrdə Azərbaycanın tanınmış kimyaçı alimləri — Lenin mükafatı laureatı V.F.Neqreyev, SSRİ Dövlət mükafatı laureatı Y.H.Məmmədəliyev, professorlar D.Mehdiyev və Ş.Ə.Əliyevlə birgə çoxşaxəli elmi tədqiqatlar aparmışdır.
O, ilk illərdə yerli xammallardan gərəkli maddələrin alınmasına xüsusi diqqət yetirmiş, fısdıq qatranından korroziya inhibitoru, yarpaqsız böyürtkən kollarından anabazinsulfat alınmasını tədqiq etmişdir. Böyürtkən kollarından alınan maddə respublikamızın pambıq tarlalarında ziyanvericilərlə mübarizə aparmaq üçün lazım idi.
Anaxanım Xanlarova müstəqil elmi-tədqiqat işinə sovet dövründə ilk kimya elmləri namizədi alimlik dərəcəsi almış həmyerlimiz Şıxbala Əliyevlə birgə Binəqədi yatağının yanar şistlərini öyrənməklə başladı. Əldə edilmiş nəticələr SSRİ EA Azərbaycan Filialının Xəbərləri məcmuəsində 1941-ci ildə dərc edilmişdir. Ş.Əliyevlə birgə işlərində Azərbaycan şistlərindən metalların korroziyasının qarşısını alan inhibitorların, eləcə də neft tullantılarından üzvi turşuların və fenolların alınmasını da tədqiq etmişdir.
1941–1945-ci illər Böyük Vətən müharibəsi dövründə “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında işlər SSRİ məkanında geniş vüsət almışdı. Digər Azərbaycan tədqiqatçıları kimi Anaxanım Xanlarova da hərbi məqsədli tədqiqatlarla məşğul olmağa başladı. Respublikamızın yanar şistlərini öyrəndi. Gecə qaranlığında hərbi gəmiləri görmək məqsədilə istifadə edilən işıqlandırıcı maddənin alınması üsulunu müstəqil surətdə işləyib hazırladı.
Stirol praktiki əhəmiyyətli kimyəvi maddədir, tətbiq sahələri genişdir. Onu polimerləşdirməklə polistirol əldə etmək mümkündür. Buna isə sənayedə, məişətdə ehtiyac vardı. Polistirolu zəngin neft ehtiyatları mövcud olan ölkədə neft məhsullarından almaq iqtisadi cəhətdən səmərəli olardı. Gənc tədqiqatçı bu prosesin öyrənilməsi istiqamətində axtarışlar apardı, yüksək elmi nəticələr əldə etdi. Həmin nəticələr əsasında namizədlik dissertasiyası yazdı. Neftdən stirol və polistirolun alınması mövzusunda dissertasiyanı uğurla müdafiə etdi, 1944-cü ildə alimlik dərəcəsinə layiq görüldü.
1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Gənc alim 1945–1952-ci illərdə EA-nın Neft İnstitutunda fəaliyyət göstərdi. Böyük elmi işci kimi çalışdı, sonra laboratoriya müdiri vəzifəsinə irəli çəkildi. Onun elmi fəaliyyəti normal heptanın katalitik üsulla antrasenə və fenantrenə çevrilməsi, eləcə də benzolun alfa-olefinlərlə alkilləşməsi reaksiyalarının tədqiqini əhatə etmişdir. Həmin dövrdə alimin aparmış olduğu reaksiyalar nəticəsində alınmış izokarbohidrogenlərə, molekulunda 6–12 ədəd karbon atomuna malik alkilbenzollara ehtiyac kifayət qədər böyük idi.
1952–1968-ci illərdə dənizdə neft və qaz yataqlarının işlənməsi üzrə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda Korroziya laboratoriyasının, 1968–1971-ci illərdə Azərbaycan SSR EA-nın Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda İnhibitorla mübarizə laboratoriyasının müdiri işləmişdir. Sonra yenidən Dənizneftqaz DETLİ-yə qayıtmış və Korroziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. A.Xanlarova müasir və səmərəli üsulla, yəni, nişanlanmış atomlar üsulu ilə metallarda antikorrozion örtük qatın yaranma dinamikasını öyrəndi. Onun rəhbərliyi ilə dəniz neft-qaz avadanlıqlarının, sualtı boru kəmərləri və qurğuların metal konstruksiyalarının korroziyadan mühafizəsi nəzəri cəhətdən əsaslandırılmaqla təcrübi üsullarla tədqiq edildi. Yeni səmərəli tövsiyələrin işlənib hazırlanması və istehsalata tətbiqi istiqamətində geniş miqyasda elmi-tədqiqat və təcrübə-sınaq işləri yerinə yetirildi. Aparılmış elmi-tədqiqat işləri sayəsində dənizdə müxtəlif hidrometeoroloji sahələrdə yerləşən neft — mədən avadanlıqlarının polad konstruksiyalarında korroziyanın səbəbləri hərtərəfli araşdırıldı. Məhz bu tədqiqatların nəticəsində metal qurğuların ayrı-ayrı hissələrində, qovşaqlarında konstruktiv dəyişikliklər aparılması mümkün oldu. Həmin qurğuların etibarlı surətdə istismar müddəti artırıldı. O, əldə edilmiş elmi nəticələr əsasında elmi məsləhətçisi olmadan doktorluq dissertasiyasını yazdı. 1967-ci ildə “Neft-mədən qurğularının korroziyası və onların suüstü zonasında mühafizəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Onun bu işi təkcə elmi əhəmiyyət kəsb etmirdi, həmçinin böyük praktiki və iqtisadi əhəmiyyətə malik idi. Beləliklə, Anaxanım Xanlarova keçmiş SSRİ məkanında metalların korroziyası və mühafizəsi sahəsində texnika elmləri doktoru alimlik dərəcəsi almış ilk qadın oldu.
A.Xanlarova 10 il ərzində Korroziya şöbəsinə rəhbərlik etmişdir. 1979-cu ildə ona Materialların kimyəvi müqaviməti və korroziyadan mühafizəsi ixtisası üzrə professor elmi dərəcəsi verildi.
A.Xanlarova 1980-ci ildən 2006-cı ilədək Dənizneftqazlayihə DETLİ-də baş elmi məsləhətçi və Korroziya şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir.
300-dən artıq dərc olunmuş elmi əsərin, o cümlədən ixtiralara görə 75 müəlliflik şəhadətnaməsi və patentin, 5 monoqrafiyanın həmmüəllifi olmuşdur. Onun “Qoruyucu sürtkülər” kitabı (Bakı, 1961-ci il) hidrotexniki qurğuların dəniz korroziyasından qorunması mövzusuna həsr edilmişdir. Digər dəyərli monoqrafiyası "Neytral mühitlərdə poladın korroziyadan qorunması" (Bakı, 1962-ci il) adlanır. A.Xanlarovanın işıq üzü görmüş üçüncü kitabı elmi məqalələrinin toplusundan ibarətdir (Protektor polimer örtüklər. Polimerlərin antikorrozion texnikada tətbiqi. Moskva, 1962-ci il). Bu topluda polimer maddələrdən hazırlanmış qoruyucu örtüklərin antikorrozion texnikada tətbiqi istiqamətindəki uğurlardan söhbət açılır. Onun Lenin mükafatı laueratı V.F.Neqreyev və R.H.Hacıyeva ilə birgə “qələmə aldıqları” Dəniz neft-mədən qurğularının korroziyadan mühafizəsi adlı monoqrafiya 1964-cü ildə Moskvanın “Nedra”nəşriyyatında çap olunmuşdur. Bu kitab sahə mütəxəssisləri tərəfindən çox yüksək dəyərləndirilmişdir və bu gün də əhəmiyyətini saxlamışdır. “Elektrikötürücü hava xətlərinin korroziyadan qorunması” (Moskva, Energetika, 1974-cü il) kitabında Xəzər dənizi şəraitində müxtəlif poladların korroziyasının xüsusiyyətləri şərh edilir.
Professor A.Xanlarova elmi kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi altında doqquz nəfər namizədlik dissertasiyası işi yerinə yetirmişdir. Görkəmli alim Ümumittifaq konfranslarında, qurultaylarda, seminarlarda Azərbaycanı, xarici ölkələrdə Sovet İttifaqını yüksək səviyyədə təmsil edir, çıxışları böyük maraqla dinlənilirdi.
Professor Anaxanım Xanlarovanın kimya elminin neft-qaz sənayesinin inkişafındakı böyük əməyi layiqincə qiymətləndirilmişdir. O, 1941–1945-ci illər Böyük Vətən müharibəsindəki xidmətlərinə görə Rəşadətli əməyə görə medalına, həmin müharibədəki qələbəmizin 30 və 40 illikləri münasibətilə medallarla təltif edilmişdir, SSRİ-nin fəxri neftçisi və Qaz sənayesinin fəxri işçisi adlarına layiq görülmüşdür. Onun adı SSRİ-nin Neft və Qaz Sənayesi Nazirliyinin Fəxri kitabına yazılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə də təltif edilən A.Xanlarova gənclər üçün yüksək mükafat sayılmış Lenin komsomolu mükafatı laureatı olmuş və SSRİ Nazirlər Sovetinin mükafatını almışdır. Prezident təqaüdçüsü idi. XX əsrin ikinci yarısının kataloq və ensiklopediyalarında Azərbaycanın elm xadimləri VİP person tərkibinə daxil olmuşdur.
Texnika elmləri doktoru, professor A.Xanlarova 2007-ci il fevralın 7-də Bakı şəhərində vəfat etmişdir.







0 Comments