19 apr, 2026
Dövlət Arxivi

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür

         Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

 

 Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları , Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən , 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

    Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi

təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır.

Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür. Azadlığa qovuşmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Bu 7805 m3/gün mineral su təchizatı deməkdir.

Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıq-su, Minkənd, Şuşa rayonunda Turşsu, Şırlan və başqa mineral sular xüsusilə vacib, əhəmiyyətli təbii sərvət hesab edilir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi.

   İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında , dəniz səviyyəsindən 2225 metr yüksəklidədir. İstisu mineral sularının tarixi qədim dövrlərə gedib çıxır. İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür.

 

  İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir.  Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə   alınardı: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki   xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynisidir və bəzi     xüsusiyyətlərinə görə dünyada yeganədir”.

     O, zamanın ən görkəmli kimyaçı alimi E. E. Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra   İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu müalicəvi suyun  təkcə  Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.

 

ARDETSA:f.12,siy.7,sax.vah.1622

 

İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, fosfor, sink, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Onu da qeyd edək ki, “İstisu” sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Sovet Azərbaycanı hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdi. 1928-ci ildə isə bu kompleksin İttifaq əhəmiyyəti nəzərə alınaraq, İstisu sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərin qurultayında məsələ qaldırılmışdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

ARDA:  f.411,siy.28,sax.vah.227

“İstisu”da keçən əsrin 80-cı illərində sutkada 3 min litr mineral su doldurma zavodu tikilib istifadəyə verilmişdir. Ancaq o dövrdə çıxan suyun cəmi 10 faizindən istifadə edilirdi. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərib. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlk, böyük miqdarda karbon 2-oksidin miqdarı, 60°C temperaturda olması, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balneoloji təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanmışdı.

Artıq “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

“İstisu” mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə   sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son   texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii   xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub.

Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni, bu əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə şair qələmi   ifadə edə bilər. Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, Kəlbəcərin hər damcı suyu dərmandır,   Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il   tarixli,  235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.

 

        Ulu öndər Heydər Əliyev Kəlbəcər rayonu haqqında danışarkən bu bölgənin təbiətinin zənginliyinə xüsusi vurğu edirdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli gözəl guşəsidir. Böyük əraziyə malik Kəlbəcər rayonu Azərbaycanın gözəl və qiymətli güşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri mövcuddur. Allah Kəlbəcərə hər cür nemətlər-gözəl təbiət, zəngin sərvətlər  veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yerüstü sərvətləri, həm yeraltı sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.  O gün gələcəkdir ki, Kəlbəcər Ermənistan silahlı qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcər sakinləri öz doğma yurdlarına qayıdacaqlar”. 

 Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə azad Kəlbəcərə ilk səfərində rayonun təbiətinin füsunkarlığına heyranlığını belə ifadə etmişdi:   “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Bundan sonra daha da cənnətə  çevriləcəkdir”.

 

0 Comments

Leave a comment