19 apr, 2026
Mədəniyyət

T.Bakıxanovun yaradıcılığına həsr olunmuş konsert

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, "Şöhrət" və "Şərəf" ordenlərinin sahibi, xalq artisti, professor Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş "Yaxşı əhval-ruhiyyə mahnıları" adlı konsert keçirilib, - Day.Az xəbər verir.  

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Ağavərdi Paşayevin idarəsi ilə keçirilən tədbirdə xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Almaz Orucova və Nuriya Hüseynova, respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli, Nurlana Abdullayeva, Leyla Dadaşova, Səbinə Əlizadə, Fikrət Məmmədov, Fəxri Kazım-Nicat, Kəmran Təymurov (tar), Seymur Mürsəlov (tar) və Rəvana Qurbanova çıxış ediblər.

 

Fotoqraf - Kəmran Bağırov.  

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az.  

Qeyd edək ki, Bakı xanlarının nəslindən olan Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda tanınmış tarzən və pedaqoq, xalq artisti Əhmədağa Bakıxanovun ailəsində anadan olub. Onun atası böyük bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu idi. Uşaqlıqda Tofiq Bakıxanovun istedadını şəxsən Üzeyir Hacıbəyli dinləmiş və ona parlaq gələcək vəd etmişdi.  

1953-cü ildə Tofiq Bakıxanov Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) skripka sinfini bitirib. Burada ona Belarus SSR-in əməkdar artisti, professor Aleksandr Amiton dərs deyib. 1957-ci ildə isə o, bəstəkarlıq sinfini bitirib. Onun müəllimi görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayev olub.  

Tofiq Bakıxanov simfoniyalar, simfonik muğamlar, simfonik poemalar, müxtəlif musiqi alətləri üçün konsertlər, sonatalar, "Xəzər balladası", "Yaxşı və Pis", "Şərq poeması" adlı birpərdəli baletlər, həmçinin operettalar (bəstəkar Nəriman Məmmədovla həmmüəlliflikdə) və 100-dən çox mahnının müəllifidir. O, Rusiyada, Fransada, Gürcüstanda, İranda, Türkiyədə və digər ölkələrdə müəllif konsertləri ilə çıxış edib.

https://www.trend.az/life/culture/3983823.html

0 Comments

Leave a comment