Fətəli xan Xoyskinin - 150 illiyi
Bu il Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, müstəqil
Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri
Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyini qeyd edirik.
Azərbaycanlı siyasi xadim Fətəli xan Xoyski 1875-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. Fətəli xan Xoyskinin atası İsgəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Buradan Qafqaza, Azərbaycanın Nuxa qəzasına köçüb və Nuxada ailə həyatı qurub.
1803-1806-cı illərdə Azərbaycanı işğal edən rus ordusunun komandanı general Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim edib. Elə həmin dövrdən bu nəsil Rusiyanın müstəmləkəsi olan Azərbaycanda Xoyski soyadı ilə məşhurlaşıb.
F.Xoyski 1892-ci ildə Yеlizavеtpol (Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva Univеrsitеtinin hüquq fakültəsinə daxil olmuş, 1897-ci ildə buranı birinci dərəcəli diplomla bitirəndə onun cəmi 22 yaşı olmuşdur. Həmin il Tiflis Məhkəmə Palatası sədrinin əmri ilə Gəncə Dairə Məhkəməsində çalışmağa başlayıb. O, hüquqşünas kimi fəaliyyət göstərdiyi dövrdə milli əməlləri ilə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanıb. Bu etimadın nəticəsi olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilib və Dumanın müsəlman fraksiyasına daxil olub. Onun deputatlığı cəmi dörd ay çəkir. 1907-ci ilin dekabrında Dövlət Dumasına deputat seçilən Fətəli xan 1908-ci ilin iyun ayında çar II Nikolayın dumanı buraxması ilə bu missiyasını başa vuraraq peşəkar fəaliyyətinə qayıdır. Əvvəlcə Yelizavetpol (Gəncə), daha sonra Bakı dairə məhkəmələrində işləyir. Eyni zaman, bir sıra xeyriyyə təşkilatlarında ictimai fəaliyyətlə məşğul olur. 1917-ci il Fеvral inqilabından və Oktyabr çеvrilişindən sonra Xoyskinin fəaliyyətində yеni bir mərhələ başlamışdır. O, siyasi və ictimai mübarizəyə daha fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın lidеrlərindən birinə çеvrilmişdir. Fətəli xan Xoyski martın 29-da Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, bu təşkilatın gərgin fəaliyyəti nəticəsində həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.
Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaradır. Onların arasında Fərəli xan Xoyski də vardı. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olunub və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan Xoyski gətirilib. Azərbaycan Cümhuriyyətinin baş naziri olduğu illərdə ölkəni ləyaqət və şərəflə təmsil edib.
Şərqdə ilk dəfə olaraq demokratik əsaslar üzərində dövlət Azərbaycanda yaradıldı. Onun yaradılması və fəaliyyətində M.Rəsulzadə , M.Haçinski, M.Cəfərov, N.Yusifbəyov və Azərbaycanın digər görkəmli siyasi xadimləri ilə birlikdə Fətəli xan Xoyski də çox böyük işlər görüb. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli xan Xoyski bununla bağlı çıxışında deyirdi: “Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi...” Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası olan müstəqil bir dövlətdir: “...Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyət”
ARDA:F.894,siy.1,sax.vah.25,vər.141
Çıxışının sonunda o, istefasını qəbul etməyi Parlamentdən xahiş etdi. Parlament Hökumətin istefasını qəbul edərək, onun təşkilini yenidən Xoyskiyə tapşırdı. Fətəli xan dekabrın 26-da Hökumətin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. Geniş müzakirələrdən sonra Parlament Xoyski Hökumətinin proqramını bəyəndi və onun yeni üzvlərinə etimad göstərdi. Bu Hökumətdə Xoyski baş nazir vəzifəsi ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutdu.
Bu dövrdə Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olub. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıdakı mart qırğını zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilən vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmaq idi.
ARDA:f.970,siy.1,sax.vah.113,vər.59. 
Sözun əsl mənasında, Azərbaycanın "olum, ya ölüm" məsələsinin həll cdildiyi olduqca ağır və mürəkkəb olan o dövrdə ölkəyə rəhbərlik etmək son dərəcə çətin bir iş idi. Fətəli xan Xoyski Hökumətinin o dövrdəki fəaliyyəti haqqında Üzeyir bəy Hacıbəyli yazırdı: "Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır ...Bu zəif gəmini bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kəmali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunl arın arasından keçirməkdə böyük ustalıq və məharət göstərdi".
1919 il fevralın 25-də Xoyski Hökuməti yenidən istefa verdi. Parlament istefanı qəbul etdi və yeni Hökumətin təşkilinə qədər Xoyski Hökumətindən fəaliyyətini davam etdirməsi xahiş olundu. Hökumət öz fəaliyyətini martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumətinə qədər davam etdirdi. Təcrübəli və səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin o zamankı son dərəcə mürəkkəb şəraitdə istefa verməyə məcbur olması Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratına mənfı təsir göstərdi. İstefaya çıxdıqdan sonra Xoyski Parlament üzvü kimi bir sıra siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində yenə də fəal iştirak etmiş, Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini ara.dırmaq üçün yaradılan Azərbaycan nümayəndə heyətinin sədri təyin olunmuşdu. 1919-cu ilin dekabrında Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 5-ci Hökumətin tərkibində Xoyski xarici işlər naziri vəzifəsini tutdu.
ARDA:f.894,siy1.sax.vah.48,vər.2
Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyətinin ilk Hökumət başçısı kimi Azərbaycan istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan radioteleqramı imzalamış, 5-ci Hökumət kabinəsinin xarici işlər naziri olarkən isə istiqlalın Paris Sülh Konfransı tərəfındən tanınması haqqında Parlamentdə məlumat vermişdi. Parlamentin bu məsələyə həsr olunmuş təntənəli iclasındakı (1920-ci il, 14 yanvar) çıxış ında Fətəli xan Xoyski demişdi: "...Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az miiddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bugünki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman [da] hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm ".
1920-ci il aprel işğalından sonra Tiflisə mühacirət etməyə məcbur olan Fətəli xan Xoyski iyunun 19-da orada "Daşnaksutyun"un muzdlu erməni terrorçusu tərəfındən qətlə yetirildi və həmvətəni M.F.Axundovun dəfn olunduğu Azərbaycan qəbiristanlığında torpağa tapşırıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyi tarixindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyevin 1995-ci il 18 dekabr tarixli sərəncamı ilə Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyinin təntənəli surətdə qeyd olunması üçün geniş heyətdə təşkilat komitəsi yaradılmışdı. Onun diqqət və qayğısı sayəsində Tiflisdə Fətəli xan Xoyskinin məzarı üzərində xatirə abidəsi ucaldılmışdır.

Bu il Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.
Sərəncamda qeyd olunur ki , “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir”.






0 Comments