19 apr, 2026
Dövlət Elm və Texnika Sənədləri Arxivi

Dünya şöhrətli Alim professor Akif Əlizadə

         Geologiya – minerologiya elmləri doktoru, professor Akif Əlizadə dünya miqyasında tanınmış alimlərimizdəndir. Bu gün də apardığı elmi tədqiqatları ilə Azərbaycan elminə öz qiymətli töhfələrini

       verən alim Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarının işlənməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində dərin elmi tədqiqatlar aparmışdır.

      Akif Ağamehdi oğlu Əlizadə 1934-cü il fevralın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ağamehdi və anası Əfşan xanım dövrünün tanınmış həkimləri olmaqla yanaşı böyük bir nəslin nümayəndələri olmuşdur.                   

      Hələ orta məktəb illərindən savadlı bir şagird kimi yetişən Akif məktəbi  gümüş medalla bitir  və M.Əzizbəyov adına Azərbaycan Sənaye institutuna daxil olur. Ali təhsilli mühəndis kimi neft mədənlərində quyuların tədqiqi üzrə texnik kimi əmək fəaliyyətinə başlayır. Burada bir müddət çalışdıqdan sonra elmə olan həvəsini həyata keçirmək üçün Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya institutunda işə qəbul olunur, qısa müddət ərzində namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edir. Akif Əlizadə 35 yaşında elmlər doktoru olan ən gənc və perspektivli alimlərdən sayılır. O, eyni zamanda SSRİ miqyasında ən gənc geoloq alim, EA sistemində ən cavan direktor müavini olmuşdur.

          Akif Əlizadənin çoxillik tədqiqatları əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, pallobiv coğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleontologiyaya dair məsələlər işıqlandırılmışdır. Bu aktual mövzu A.Əlizadənin namizədlik dissertasiyası olmuşdur.  Dissertasiyasının avtoreferatında bu məsələlərin geniş elmi izahı işıqlandırılmışdır. Onun 1965-ci ildə doktorluq dissertasiyasının mövzusu da tədqiqatlarının bilavasitə davamıdır: “Azərbaycanın təbaşir belemnitləri”.

          Müəllifin bu mövzuda araşdırmaları olan digər məqalələrinin sayı onlarladır. “Cənub-Şərqi Qafqazın alt təbaşir belemnitləri haqqında”, “Anormal belemnit rostrumları haqqında” , “Cənub-Şərqi Qafqazın Apt çöküntülərindən tapılan yeni belemnit nümayəndələri”, “Alb belemnitlərinin Neohibolites minimus List qrupunun yeni növləri və filogenetik inkişaf sxemi”, “Cənub-Şərqi Qafqazda alt təbaşir ixtiozavrının tapılması haqqında” , “Azərbaycanda bəzi Yura belemnitləri” “Azərbaycanda Senoman belemnitləri” və s.bu qəbildəndir.

           Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu məkanda müvafiq paleobiocoğrafi taksonların ayrılmasında birincilik A.Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişikliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan vermişdir: A.Əlizadənin həmmüəllifi olduğu “Türkiyənin Mərmərə dənizinin cənub və cənub-qərb hövzələrində mollyuskaların skeletlərinin mineroloji tədqiqi”, “Cənub və cənub-qərbi Mərmərə hövzəsində mollyusk qəfəsələrinin mineroloji tərkibinin tədqiqi”  elmi araşdırmaları alimin nüfuzunun atrmasına səbəb olmuşdur.

O, Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi  rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.

       Akif Əlizadə  1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfer problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm dünyası A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı akademik A.Əlizadənin də daxili qabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir.Təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi — "Akifibelidlər" adlandırılmışdır (1984-cü il).

       Görkəmli alim 1970-ci ildən Geologiya institutunun direktor müavini, 1976-ci ildən sonra isə direktoru olmuşdur. Onun rəhbərliyi ilə bu illərdə 8 cildlik unikal fundamental əsərlər – “Azərbaycan geologiyası”, habelə ensiklopedik “Azərbaycan mineralları” atlası hazırlanmış və nəşr edilmişdir. Eyni zamanda Akif Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə Geologiya, Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (2012-ci il) və Bakı Dövlət Universitetinin (2013-cü il) baza kafedraları yaradılmışdır.

         Akademik Akif Əlizadə 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti  seçilmişdir. Bu illər ərzində onun rəhbərliyi və təşəbbüsü ilə fundamental işlər görülmüşdür. Akademiyanın, onun institutlarının yubileyləri, struktur dəyişiklikləri həyata keçirilmiş, elmin inkişafı üçün əlverişli şərait yaradımışdır.

        “Azərbaycan Milli Elmlər Akademiyasının Yer elmləri bölməsi İnstitutlarının fəaliyyətinin bəzi nəticələri, “Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi, qarşıda duran vəzifələr” çıxışlarında A.Əlizadə görülən işlər haqqında məlumat verməklə yanaşı qarşıya çıxan problemlər, onların aradan qaldırılması üçün konkret planları aşılamışdır. Milli Elmlər Akademiyasında magistratura pilləsinin yaradılması da (2014-cü il) görkəmli alimin xidmətləri sırasındadır.

         Dünya miqyaslı alimlərin yubileylərinin keçirilməsi, onların haqqında çıxışlar və məqalələr də A.Əlizadə tərəfindən həyata keçirilmişdir.

        “Azərbaycan geologiya elmi davamlı inkişaf yolunda”, “Elm və praktika həyat kredosu kimi (akademik Ə.Ə.Əlizadənin anadan olmasının 100 illiyinə), “Geologiya elminə misilsiz xidmət” (akademik Ə.Ş.Şıxəlibəylinin 100 illiyinə), “Unudulmaz ad” (Azərbaycan MEA – nın müxbir üzvü Ə.H.Əliyevin 100 illiyinə), “Azərbaycanın böyük kristallofiziki və kristallokimyaçısı” (akademik Xudu Məmmədovun anadan olmasının 85 illiyi münasibətilə), “Sibirin neft geologiyasının əfsanəvi tədqiqatçısı (Fərman Qurban oğlu Salmanovun anadan olmasının 75 illiyi münasibətilə) və onlarla tədbirin təşkilatçısı və məruzəçisi A.Əlizadə olmuşdur.

        “Yubilyar Həmyerlimiz Fərman Qurban oğlu Salmanov” məqaləsində A.Əlizadə görkəmli neftçi geoloq, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun həyat və fəaliyyəti haqqında məlumat verməklə onun geniş düşüncəli, neft sənayesinin incəliklərinə dərindən bələd olan mütəxəssis olduğunu vurğulayır.

         Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Dövlət Mükafat laureati Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və Azərbaycan

          Respublikası Prezidenti yanında “Bilik” Fondunun Himayəçilik Şurasının sədri olmuşdur.

         Akademik Akif Əlizadənin əməyi yüksək qiymətləndirilərək, “Fədakar əməyə görə medalı”(1970), “Şərəf nişanı ordeni” (1986), “Şöhrət ordeni” (2004), “Şərəf ordeni” (2009),  “İstiqlal ordeni” (2014),                           Idərəcəli  “Əmək ordeni” (2019) ilə təltif olunmuşdur.Bu il görkəmli alim, akademik Akif Əlizadənin 90 yaşı tamam olur. Ömrünün ixtiyar çağında da gənclik həvəsi, gənclik  arzuları ilə  çalışan,

        elmə qiymətli töhfələr verən dəyərli alimimizə uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.

          

Məqalənin hazırlanmasında ARDETSA-da Akif Ağamehdi oğlu Əlizadəyə aid qorunub saxlanılan 180№-li şəxsi fonddan istifadə edilmişdir.  

0 Comments

Leave a comment