19 apr, 2026
Dövlət Elm və Texnika Sənədləri Arxivi

Dəniz kəşfiyyatının pioneri

Geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev Azərbaycanın neft sənayesi tarixində tanınmış, köhnə qvardiyanın ən məşhur geoloqlarından biri olmuşdur. O, 1911-ci il may ayının 11-də Bakı quberniyasının Göyçay mahalının Potı kəndində sadə kəndli ailəsində anadan olmuşdur. Atası Qurban kasıb kəndli olmuş,1916-cı ildə vəfat etmişdir. Həmin ildən ailə kənddən Göyçay şəhərinə köçmüşdür, Ağanın həyatında dəyişikliklər bundan sonra baş verir.1920-ci ildə o, Göyçay şəhərində məktəbə daxil olur. 1929-cu ildə Göyçay pedaqoji texnikumunu bitirir, komsomol sıralarına qəbul olunur.

Əmək fəaliyyətinə müəllim kimi başlayan Ağa Əliyev Ağdaş rayonunun Kərikənd orta məktəbində işləyir. Bir ildən sonra Göyçay təşkilatlarının göndərişi ilə ali təhsil almaq üçün Bakıya –M.Əzizbəyov adına Neft və Kimya institutuna göndərilir. Rusca təhsil alan Ağa 1936-cı ildə həmin institutu “Neft və qaz yataqlarının kəşfiyyatı” ixtisası üzrə mühəndis-geoloq kimi başa vurur, təyinatla “Orconikidzeneft” trestinə göndərilir. O, burada-Qaraçuxur müəssisəsində qazma və istismar üzrə mühəndis-geoloq kimi əmək fəaliyyətini davam etdirir.

Sonradan Ağa Əliyev “Kaqanoviçneft” trestinə göndərilir, 1937-1940-ci illərdə baş geoloq müavini, 1940-1942-ci illərdə baş geoloq işləyir.

1942-ci ilin aprelindən həmin ilin noyabrına kimi A.Əliyev Azərbaycan SSR K (b) P-nın Bakı şəhər komitəsində neft qazması şöbəsinin müdiri, 1942-ci ilin noyabrından 1944-cü ilin aprelinə qədər “Azərneftkəşfiyyat” trestinin rəisi olmuşdur.

Ağa Əliyevin ömür yolu bir sıra məsul işlərdən keçmişdir. 1944-cü ilin aprelindən 1945-ci ilin avqustuna kimi “Molotovneft” trestinin, həmin vaxtdan 1954-cü ilin sonuna kimi “Dənizdə neft kəşfiyyatı” trestinin baş geoloqu kimi fəaliyyət göstərmişdir. 1954-1964-cü ilin illərdə “Azdənizneftkəşfiyyat” trestinin baş geoloqu olan Ağa Əliyev 1964-1966-ci illərdə AzİNXa-da “Geologiya” kafedrasının professoru kimi elmi fəaliyyətlə məşğul olmuşdur. 1966-ci ilin aprelindən ömrünün sonuna kimi Ağa Əliyev Azərbaycan Elmi Tədqiqat Neft Layihəsi İnstitutunda direktor müavini (neft və qaz yataqlarının kəşfiyyat və geologiyası üzrə) işləmişdir.

5 mart 1951-ci ildə Ağa Qurban oğlu Əliyev SSRİ Nazirlər Sovetinin qərarı ilə qrup rəhbəri kimi açıq dənizdə neft və qaz kəşfiyyatı işlərində xüsusi fəaliyyətinə görə SSRİ Dövlət Mukafatına (birinci dərəcəli Stalin mükafatı) layiq görülür.

1942-ci ilin fevralında və 1959-cu ilin martında ona SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Qırmızı Əmək Bayrağı”ordeni (2 dəfə) verilir.

Bundan əlavə A.Əliyev müxtəlif vaxtlarda bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, Bakı şəhər sovetinin deputatı, Azərbaycan SSR KP Bakı şəhər komitəsinin üzvü seçilmişdir.

1961-ci ildə A.Əliyevə “Əməkdar mühəndis”, 1971-ci ildə isə “SSRİ-nin fəxri neftçisi” adları verilmişdir.

Fasiləsiz olaraq 30 il ərzində A.Əliyev müxtəlif neft və qaz istehsal edən trestlərdə, idarələrdə, elmi-tədqiqat institutlarında geoloji kəşfiyyat xidmətlərinin rəhbəri olmuş, onun bilavasitə iştirakı və rəhbərliyi ilə 15-dən çox irimiqyaslı neft və qaz yataqları aşkarlanmışdır.

Görkəmli geoloqun həyat və fəaliyyəti üçün xarakterik cəhət ondan ibarətdir ki, rəhbərlik etdiyi sahələrdə iç üslubunu elmlə texniki proseslərin vəhdətində qurmuş,  bununlada ölkə miqyasında məşhurlaşacaq qədər uğurlara imza atmış, dövlətə, vətənə layiqli töhfələrini vermişdir. Çöldə geoloji-çəkiliş qruplarının dəqiq işləməsi nəticəsində ilk dəfə olaraq Xəzər dənizi akvatoriyasında tədqiqatları öz bəhrəsini vermiş, Bakı arxipelaqında və Abşeron yarımadasında neft-qaz yataqlarının aşkarlanması prosesi baş vermişdir.

Sonrakı illərdə Ağa Əliyevin rəhbərliyi və iştirakı ilə aparılan axtarış-kəşfiyyat işləri Neft daşlarının (1949-cu il), Kürgan dəniz (1940-cı il), Qum adası (1954-cü il), Sanqaçal-dəniz-Duvannı-Bulla-dəniz (1963-cü il) zəngin neft-qaz yataqlarının istifadəyə verilməsinə səbəb olmuşdur.

A.Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycan və SSRİ Neft Sənayesi nazirliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

A.Əliyev 100-dən artıq elmi işin müəllifi olmuşdur ki, bunların 40-ı mətbuatda çap olunmuşdur. Onlardan 3-ü monoqrafiyadır.

Alimin zirvələrə ucalan həyat yolu, xalqına göstərdiyi əvəzsis xidmətləri yeni nəsillər üçün bir məktəbdir.

 

Məqalənin hazırlanmasında fond 88, siyahı 1 materiallarından istifadə olunmuşdur.

 

0 Comments

Leave a comment