19 apr, 2026
Dövlət Arxivi

Azərbaycanın ilk qadın hərbi- təyyarəçisi

İsti yay günləri idi. Hər il olduğu kimi yenə də Şüvəlandakı bağ evlərinə köçmüşdülər.  Mina xanım mətbəxdə nahara hazırlıq görürdü. Başı qarışıq olsa da ,bir gözü bayırda idi. Böyük qızı Sima, oğlanları Kamal, Tələt və Xəlil həyətdə oynayırdılar. Təkçə kiçik qızı Züleyxa gözə dəymirdi. Züleyxa həmişə olduğu kimi ağaca çıxıb , bağ evlərinin üstündən ara-bir  uçan təyyarələri seyr edirdi. Belə vaxtlarda Züleyxa qollarını təyyarə  qanadları kimi açıb, sanki quş kimi süzürdü. Züleyxa nə qədər dəcəl olsa da, dərs əlaçısı idi. Züleyxanın atası Mir Həbib ağa, qızının  ali təhsil alıb neft mühəndisi olmasının istəyirdi. Züleyxa da  buna razı idi. Mir Həbib Ağa təhsilli idi, dini savad almaqla yanaşı ,həm də real məktəbdə mühasiblik kursunu bitirmişdir. Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. Onun pullarının haqq-hesabını aparır, hər ayın sonunda Tağıyevə məlumat verirdi. Sovet hakimiyyəti qurulandan sonra Mir Həbib ağa uzun müddət işsiz qalır. Bakıdakı ikimərtəbəli evini  və Şüvəlanda tikdirdiyi bağ evini əlindən alırlar.

      İllər keçir. Züleyxa xanım orta məktəbi bitirib M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsinə daxil olur. Bir payız günü tələbələri “U-2” təyyarəsində göylərə qaldırılar. O günü Züleyxa xanım doğma Abşerona, mavi Xəzərə ilk dəfə səmadan baxır. Səhəri gün onlar institutda tələbə aeroklubu yaratmaq fikrinə düşürlər. Kluba təyyarə almaq üçün pul toplamağa başlayırlar və təyyarə alınır. Tələbə aeroklubu tez bir zamanda bütün ölkədə məşhur olur.1934-cü ildə Bakı aviasiya klubuna Zabrat qəsəbəsinin yaxınlığında bir meydança verilir və o zaman ilk dəfə gənc Züleyxa təyyarəni təkbaşına göyə qaldırır.1935-ci ilin mayında paraşütlə tullanmağı sınaqdan keçirir və həmin ildə Moskvada paraşütçülərin birinci ümumittifaq toplantısında Züleyxa xanım Zaqafqaziyanı təmsil edən komandanın yeganə qız üzvü olur. Fəxri fərman və təlimatçı adını alıb Bakıya dönür.

      İnstitutu bitirəndə artıq o,700 saatadək uçuş keçirmiş, təlimatçı kimi 3 il ərzində 75 təyyarəçi,80 paraşütçü hazırlamışdı. Amma Züleyxa xanım bununla kifayətlənmək istəyində  deyildi. Odur ki, Jukovski adına Hərbi-Hava Akademiyasına məktub göndərir. Amma akademiyadan gələn cavab onu kədərləndirir. Məktubda ona bildirildi ki, qadınlar şturman fakültəsinə gəbul olunmur. Və gənc qız Hərbi-Hava Akademiyasına daxil olmaq üçün  Mircəfər Bağırovun qəbuluna gedir. Bu dəfə Mərkəzi Komitənin adından göndərilən məktuba  razılıq gəlir və Jukovski adına  Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman- qız Züleyxa Seyidməmmədova olur.

    ARDA,f.2661,siy.2,sax.vah.1

   Günlərin birində fakültənin dekanı onu yanına çağırıb ,atasının xalq düşməni kimi həbs olunduğunu xəbər verir, Züleyxa bu Akademiyada artıq  oxuya bilməz. Elə bil ,  başına qaynar su  tökdülər .Bakıda görəsən nə baş verib? Atasını kulak, ya da  Tağıyevin yaxın adamı kimi həbs edə bilərdilər. Nə edəcəyini  fikirləşə - fikirləşə küçələri dolaşır. Birdən elə bil yuxudan oyanır. Dərhal Bakıya bir teleqram vurur: “ Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Bağırova! Xalq düşmənləri mənim atamın saf  adını ləkələmək istəyirlər. Təhsil aldığım Hərbi-Hava Akademiyasına yanlış məlumat veriblər. Mən respublikanın göndərişi ilə burada oxuyuram. Xahiş edirəm, haqqı- ədaləti qoruyun ki, bura yanlış məlumatlar gəlməsin. Teleqramı oxuyan Mir Cəfər Bağırov köməkçisinə deyir:

-Bu qız oxumağa Mərkəzi komitəsinin məktubu ilə gedib. Bu məsələ respublikanın adına xələl gətirər. O Seyidməmmədovu həbsdən azad edin və bu  barədə Moskvaya da  xəbər göndərin ki, yalandı!

 Bağırovun tapşırığı yerinə yetirilir və bundan sonra Züleyxa xanım  təhsili davam etdirir.

       ARDA,f.2661,siy.2,sax.vah.14

    Akademiyanı bitirib evə getdiyi gün birdən diqqətini küçədə toplaşan adamlara yönəlir... Bəli müharibə başlamışdır. Hava Akademiyasında oxuyanda nə zamansa döyüşçü olacağını düşünmürdü. Amma müharibə başlamışdırsa tərəddüdə yer yox idi. Akademiyada təlim təyyarə polkunda qırıcı təyyarənin şturmanı təyin olunur. Polk Moskvanın müdafiəsinə göndərilir. Bir gün Sovet İttifaqı Qəhrəmanı Raskova Züleyxa xanıma bildirir ki, hərbi rəhbərlik ona qadın təyyarəçilərdən ibarət üç polk təşkil etməyi tapşırıb. Züleyxa xanım dərhal razılaşır. Qadın hərbi təyyarə polklarını yaratmaq! Bu müharibə tarixində görülməyən bir iş idi. Onlar sübut edəcəklər ki ,havada döyüşmək yalnız kişilərin işi deyil. 

  Qırıcı, sürətli gündüz bombardmançılardan ibarət üç polk yaradılır. Qırıcı polkun komandiri Tamara Kazarinova, onun müavini və polkun şturmanı isə Züleyxa Seyidməmmədova olur. Züleyxa xanımın tərkibində olduğu qadın qırıcı təyyarə polkunun Volqa çayın sahilindən başlayan döyüş yolu Avstriyanın Vyana şəhərinədək uzanır .O,500-dən artıq döyüşdə iştirak edir. Yaxın dostlarının, rəfiqələrin neçəsi gözlərinin önündə həlak olur...  


     Züleyxa Seyidməmmədova  müharibədən  Azərbaycan qəhrəman aviasiya kapitanı kimi dönür. Qardaşları da ondan sonra döyüşə getmişdilər. Yaralansalar da, salamat qayıtmışdılar. Züleyxa xanım gec də olsa ailə qurur ,amma övladı olmur. Bu da bir tale idi. Qardaşı Kamalın həyat yoldaşı vəfat edir. Onda Züleyxa xanım qardaşının  anasız qalan körpə qızı Gülarəni öz himayəsinə götürür. 1957-ci ildə bacısı Sima xanım,2 il sonra isə kiçik qardaşı Xəlil vəfat edirlər .Züleyxa xanım bu dəfə də “ Xəlilin yadigarıdır” – deyib, qardaşının altıaylıq oğluna analıq etmək qərarına gəlir. Uşağı evə gətirəndə Gülarəni gəlin köçürtmüşdü. Sonra onun ilkini də “nəvəmdir”, deyib evinə gətirir  və qardaşı oğlu ilə birlikdə böyüdür,  oxudur. 

   Onu da qeyd edək ki,  Züleyxa xanım çox böyük bir əmək yolu keçmişdir. Qələbədən sonra o, Bakıya qayıdıb əvvəlcə Azərbaycan Lenin komsomolu Mərkəzi Komitəsinin katibi, sonra isə 20 il Azərbaycan SSR İctimai Təminat naziri, Azərbaycan SSR Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədr müavini  vəzifələrində çalışmışdı.


    ARDA,f.2661,siy.2,sax.vah.14

 Üç dəfə Azərbaycan SSR Ali Rəyasət Heyətinin deputatı seçilmişdi. Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilmişdi.

        ARDA,f.2661,siy.1,sax.vah.1

  Təyyarə havaya qalxmağa hazırlaşırdı .Başqa sərnişinlər kimi Züleyxa xanım da yerini tapıb əyləşir. Bu vaxt stüardessa gözlənilmədən onu pilotların kabinəsinə dəvət edir. Pilot yerində aeroportun rəhbəri Nuru Əliyevi görəndə hər şey aydın olur .Köhnə tanışlar görüşürlər. Nuru Əliyev ondan soruşur:

- Züleyxa, sən heç ”TU” təyyarəsini idarə etmisən?

-Yox.

-Onda əyləş, idarə et.

Nuru Əliyev idarəetməni başa salıb Züleyxa xanıma yerini verir. ”TU” göylərdə süzürdü. Bu onun təyyarəçi kimi son uçuşu olur.

Züleyxa xanım 1994-cü ildə dünyasını dəyişir. Vəsiyyətinə əməl edərək onu Şüvəlanda ata-anasının yanında dəfn edirlər.

     

    ARDA,f.2661,siy.1,sax.vah.27

     Züleyxa Seyidməmmədovanın 160 sənəddən ibarət şəxsi fondu Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə olunur. Fonda Züleyxa xanımın fotoşəkilləri,   vəsiqələri, cəbhə dostları ilə olan  yazışmalar, bayram açıqcaları, müxtəlif illərdə mətbuatda Züleyxa xanım  haqqında dərc olunan məqalələr və Züleyxa xanımım “Təyyarəçi qızın  gündəliyi “adlı kitabı daxil olunub.

 

0 Comments

Leave a comment