“Azərbaycan qədim neft ölkəsidir”
2004-cü il sentiyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti- ABƏŞ) arasında tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalanmışdır. Uluöndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və inandırıcı adımları sayəsində ərsəyə gələn və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan bu layihə ilə müasir Azərbaycanın neft strategiyasının təməli qoyulmuşdur. Dünyada neft ölkəsi kimi tanınan və qədim tarixi ənənələrə malik Azərbaycanın inkişaf tarixinin yeni mərhələsi başlanmışdır. Bu gün həmin tarixdən 30 il keçir. Tarixi mənbələr təsdiq edir ki, zəngin neft ölkəsi kimi tanınan Azərbaycan tarixən də dünya dövlətlərinin diqqət mərkəzində olmuş, ölkəmizin mədəni-tarixi, sosial-iqtisadi həyatının ayrı-ayrı sahələri tədqiqatçılar tərəfindən öyrənilmiş və mühüm qeydlər aparılmışdır. Bir çox ölkələrin səyyahları, coğrafiyaşünasları, tarixçiləri Bakının nefti, alovlu torpaqları, neft quyu və mədənləri, neftdən istifadə və onun ticarəti barədə gördüklərini qələmə almış və Azərbaycan neftinin tarixi barədə qiymətli məlumatlar vermişlər. Bakı, Abşeron yarımadası bütün dövrlərdə istər qərb, istərsədə şərq dövlətləri üçün cazibədar ərazi hesab edilmişdir. Bakıda müxtəlif millətlərin numayəndələri neft konsersumları, neft emalı müəssisələri yaratmış, Azərbaycan nefti dünyanın bir çox ölkələrinə axıdılmışdır. Respublikamızın dövlət arxivlərində mühafizə olunan arxiv sənədləri neft sənayemizin inkişafı və neftçilərimizin beynəlxalq əməkdaşlıq tarixinin öyrənilməsində əvəzsiz mənbə hesab edilir. Arxiv sənədləri əsasında Azərbaycanın tarixin müxtəlif mərhələlərində ümumdünya neft sənayesi sahəsində oynadığı rolu, Bakıda fəaliyyət göstərmiş neft konsersumları, neft sahibkarları, Azərbaycan neftçilərinin beynəlxalq əlaqələri haqqında qiymətli məlumatlar əldə etmək mümkündür. Təqdim olunan bu yazıda Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində (bundan sonra - ARDETSA) mühafizə olunan arxiv sənədlərinə istinad etməklə XX yüzilliyin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş neft sənayesi və maşınqayırma müəssisələrində, elmi-tədqiqat institutlarında, təcrubə-sınaq və konstruktor bürolarında çalışmış neftçi mütəxəssislərin, alimlərin, ustaların dünya ölkələrinin eyni məzmunlu müəssisələri və instituları ilə əməkdaşlıq tarixi haqqında qısa məlumat verilmişdir.
ARDETSA-nın arxiv fondlarında mühafizə olunan həmin müəssisə və institutlarda aparılan nəhəng elmi işlərin nəticələrinə dair hesabatlar, mütəxəssis rəyləri, texnoloji sxemlər, layihələr və digər sənədlər ölkəmizin neft üzrə elmi-tədqiqat müəssisələrində aparılan işlərin dünyanın qabacıl ölkələrinin müvafiq sahə üzrə mütəxəssislərinin diqqət mərkəzində olduğunu və sanballı təqiqat materialları olaraq istehsalatda geniş tətbiq edildiyini söyləməyə əsas verir. Tədqiqatçılar tərəfindən az işlənilmiş bu arxiv fondlarında saxlanılan XX əsrin 20-30-cu illərində Azərbaycanın və ABŞ-nin qabaqcıl neft inistitutları arasındakı əlaqələrini, yerli mütəxəssislərin xarici ölkələrə ezamiyyələrini, Azərbaycanın neft maşınqayırması sahəsində tətbiq edilən xarici avadanlıqların xarakteristikasını, neft sənayesi müəssisələrində çalışmış xarici ölkələrin mütəxəssislərinin elmi rəylərini əks etdirən qiymətli materiallar neft sənayemizin inkişaf tarixinin öyrənilməsində zəngin məlumat bazası olmaqla yanaşı, həm də hazırda ölkəmizdə uğurla həyata keçirilən yeni neft strategiyasının daha dərin köklərə əsaslandığını təsdiq edir.
Bilindiyi kimi, neft tariximizi tədqiq edən alimlərimiz Azərbaycanda neft sənayesinin inkişaf tarixini bir necə mərhələyə ayırmış və neft sənayemizin milliləşdirilməsi dövrünü həmin mərhələlərdən biri hesab etmişlər. Sənədlər təsdiq edir ki, məhz həmin illərdə respublikamızda neft yataqlarının istismarı, təcrübə-sınaq işlərinin həyata keçirilməsi daha geniş vüsət almış, neft üzrə elmi-tədqiqat işlərinə start verilmiş, yeni neft yataqlarının mənimsənilməsi, yerli texniki avadanlıqların yaradılması, neftemalı müəssisələrinin qurulması və ötürücü kəmərlərinin inşası işlərinın həcmi genişlənmişdir. Ölkənin sənaye bazasının genişləndirilməsi üçün xarici ölkələrin təcrübəsinin öyrənilməsinə, həmçinin xarici ölkələrin mütəxəssislərinin ölkəmizin sənaye obyektlərinin bərpası və quruculuğu işlərinə cəlb eilməsinə başlanılmışdır. Arxiv sənədlərinə əsaslanaraq deyə bilərik ki, 1933-cü ildə ölkəmizin sənaye müəssisələrində (keçmiş L.Şmidt adına neft maşınqayırması zavodunda, Paris Kommunası, L.Krasin adına İstilik elektrik müəssisələrində, “Bakıtikinti” Trestində və s.) əsasən amerikalılardan ibarət 70-dən yuxarı xarici mütəxəssis çalışmışdır. Həmin illərdə neft sahəsində Azərbaycan-Amerika iqtisadi-ticarət və elmi-texniki əlaqələrinin inkişafında 1924-cü ildə Nyu-Yorkda yaradılmış və əsas nümayəndəliyi Moskva şəhərində yerləşən sovet-amerika “AMTORQ” aksioner cəmiyyətinin xüsusi rolu olmuşdur. “AMTORQ” ölkəmiz üçün vacib olan qurğu və avadanlıqların, maşın və texnikanın alınmasında bilavasitə xidmət göstərmiş, eyni zamanda elmi-tədqiqat və sənaye müəssisələrinin qarşılıqlı olaraq elmi-texniki yeniliklərlə məlumatlandırilmasında iştirak etmişdir. ARDETSA-nın fondlarında adıçəkilən səhmdar cəmiyyət ilə ölkəmizin neft sahəsi üzrə elmi-tədqiqat müəssisələri arasında aparılan maraqlı yazışmalar saxlanılır. Sənədlərdən aydın olur ki, Amerikada istehsal olunan neft avadanlıqlarının istehsalatda tətbiq edilməsində təcrübə əldə etmək üçün yerli mütəxssislər Amerikaya ezam edilmiş, həmçinin Amerikanın elmi-tədqiqat müəssisələrində Bakı neftinin tərkibinin öyrənilməsi üçün təcrübə-sınaq işləri aparılmışdır. Hətta 1930-cu ildə Amerika Neft İnstitutlarının qurultayında “Azneft” təşkilatının nümayəndələri iştirak etmişlər.
“Azneft” Azərbaycanda neft sənayesi milliləşdirildkdən sonra bu sahəyə rəhbərliyi həyata keçirmək, neft və neft məhsullarının istehsalını artırmaq üçün yaradılmışdı. İttifaq rəhbərliyi neft sənayesini bütövlükdə öz himayəsində saxlamasına baxmayaraq, “Azneft”ə xarici şirkətlərlə əlaqə yaratmaq səlahiyyəti vermişdi. Bu imkandan istifadə edən “Azneft” neft sənayesini yeni texnika ilə təmin etmək məqsədilə Moskva, Petroqrad, Xarkov, Daşkəndlə yanaşı, Nyu-York, Berlin, London, Marsel, Paris, Rəşt və digər şəhərlərdə də nümayəndəliklər yaratmış, texniki avadanlıq və başqa məhsullar almaq məqsədilə ABŞ və İngiltərənin neft şirkətləri ilə müqavilələr imzalamışdı. Arxiv sənədlərinin tərkibində Amerikaya ezam edilmiş “Azneft” mütəxssislərinin hesabatları saxlanılır və həmin hesabatlarda Nyu-Yorkda asfalt zavoduna baxış, neft masınqayırması sahəsində əldə edilmiş nəticələr, neft məhsulunun asfaltın istehsalında tətbiqi və digər məsələlərə dair qiymətli materiallar vardır. XX əsrin 20-30-cu illərdə Azərbaycan-Amerika mütəxəssislərinin qarşılıqlı əməkdaşlığı Azərbaycanın neft sənayesində qabaqcıl texnologiyanın tətbiqinə, yeni neftqaz yataqlarının kəşfinə, elmi-tədqiqat işlərinin genişlənməsinə böyük töhfələr vermiş, neftemalı və neftayırma sahələrinin inkişafına təkan verməklə, həm də ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Xarici ölkələrin mütəxəssisləri tərəfindən aparılmış elmi-tədqiqatlar bir daha göstərmişdir ki, Bakı nefti yüksək keyfiyyətə malikdir və ondan çeşidli neft məhsullarının istehsalı məqsədilə istifadə etmək mümkündür. İttifaqın “Başneft” idarəsində çalışmış amerika mütəxssisi Ç.Qolland öz təkliflərində qeyd edir ki, “Bakı sənaye üsulu ilə neft istehsalı və neftdən sürtgü yağlarının alınmasında pionerdir. Lakin Amerika son 10-15 ildə bu sahədə yüksək texniki inkişaf əldə edib, bu sahədə elmi-texniki əməkdaşlığı genişləndirməklə birgə daha irəliyə getmək olar”. Qeyd olunan illərdə bir çox ölkələrin, xüsusilə ABŞ-nin firma və şirkətləri Azərbaycana neft sahəsində əməkdaşlıq və texniki dəstək göstərməyi təklif etmiş, hətta 1922-ci ildə “Azneft”lə Amerika şirkəti (İnterneyşin Korporeyşin) arasında Balaxanıda 100 neft quyusunun istismarına dair müqavilə imzalansa da, qarşı tərəfin günahı üzündən icra edilməmişdir. Çox əsrlik təcrübəyə və texniki istehsalat nailiyyətlərinə baxmayaraq, qeyd olunan illərdə Bakı neftçilərinin, mühəndislərin xarici ölkələrin təcrübəsinin öyrənilməsinə, həmçinin xaricdə istehsal olunan avadanlıqlara böyük ehtiyacı var idi. Bu ehtiyacı qarşılamaq üçün Azərbaycanın neft sahəsində çalışan mütəxəssisləri ABŞ-nin analoji müəssisələrinə ezam edilmişdi. ABŞ-yə göndərilənlər arasında Azərbaycanlı mütəxəssislərdən F.A.Rüstəmbəyov, Y.P.Quliyev və başqaları olmuşdur. Onlar geri qayıtdıqdan sonra əldə etdikləri təcrübədən çalışdıqları sahədə istifadə edərək ölkəmizin inkişafına böyük töhfələr vermişdilər. Neft sahəsində İttifaq miqyasında böyük mütəxəssis hesab olunan J.M.Qubkinin məktəbini keçmiş və ABŞ-yə təcrübə qazanmaq məqsədilə göndərilən Y.P.Quliyev sonradan neft ustası kimi bütün ölkədə məşhurlaşmışdı.1925-ci ildə qazma texnikasını mənimsəmək üçün ABŞ-yə ezam olunan Usta Piri Quliyev maili qazma üsulunu təcrübədə müvəffəqiyyətlə həyata keçirərək adlı-sanlı neft ustası kimi ölkədə şöhrət qazanmış, Sosialist Əməyi Qəhramanı fəxri adına layiq görülmüşdür. Onun neftqazma işlərində tətbiq etdiyi yeniliklər həmin illərdə ölkəyə milyonlarla qazanc gətirmişdı. ARDETSA-də Usta Piri haqqında yazılı materiallar, həmçinin onun atasından heç də geridə qalmayan oğlanları, texnika elmləri doktoru, professor, Lenin mükafatı lauratı İsrafil Piri oğlu Quliyevin və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, əməkdar elm və texnika xadimi Məmmədpaşa Piri oğlu Quluzadənin şəxsi arxiv fondları mühafizə edilir. İ.P.Quliyevin arxiv fondunda alimin elmi və yaradıcılıq fəaliyyətinə dair 385 saxlama vahidi, M.P.Quluzadənin arxif fondunda isə 324 saxlama vahidi qiymətli arxiv sənədi mühafizə olunur. Elmi və mühəndislik fəaliyyətinə görə dəfələrlə orden və medallarla təltif olunmuş İsrafil Quliyev dəniz neft və qaz yataqlarının işlənilməsi, dəniz neft mədənlərinin tikintisi, yerin təkinin və dərin qazmanın tədqiqatı, korroziyadan müdafiə, Xəzər dənizinin problemləri mövzularında çoxsaylı elmi tədqiqat işlərinin, monoqrafiyaların müəllifi olmuş, dünyanın bir çox ölkəsində (Yaponiya, Çexoslovakiya, Polşada) keçirilən elmi konqres və simpoziumlarda Xəzər dənizində neft yataqlarının işlənilməsi, neft yataqları və neft mədənlərinin korroziyadan müdafiə və digər mövzularda sanballı məruzələrlə çıxışlar etmişdir. Onun şəxsi arxiv fondunda neft sənayemizlə bağlı aktual mövzular üzrə qiymətli sənədlər (məqalələr, rəylər, elmi işlər, yazışmalar və s.) saxlanılır. Onlarla xarici ölkənin neft mütəxəssisləri qarşısında elmi mühazirələrlə çıxış etmiş, Almaniya, Hindistan, ABŞ, Meksika və digər ölkələrdə keçirilən beynəlxalq konqres və konfransların iştirakçısı olmuş, dünya şöhrətli alim Məmmədpaşa Quluzadənin arxiv fondunda saxlanılan sənədlər, alimin maili quyuların qazılması texnologiyasının və turbin üsulu ilə qazma məktəbinin əsasını qoyanlardan biri olduğunu, “Neft daşları”, “Qum adası” və digər yataqlarda maili quyuların qazılmasına rəhbərlik etdiyini söyləməyə əsas verir.
Arxiv sənədləri 1929-cu ildə Azərbaycan Xalq Təsərrüfatı Şurası Rəyasət Heyətinin qərarı ilə daha on nəfərdən ibarət mütəxəssis heyətinin neft və inkişaf edən digər sənaye sahələri üzrə beynəlxalq təcrübə əldə etmək məqsədilə Amerika və Almaniyaya ezam edilməsini təsdiq edir. Həmin illərdə ABŞ-yə göndərilənlərin arasında “Azneft” Trestinin rəis müavini azərbaycanlı Q.B.Ağaverdiyev də olmuş və o, qazandığı təcrübəni bölüşərək, sonralar ölkəmizdə neft sənayesinin inkişafında böyük işlər görmüşdür. Q.B.Ağaverdiyevin təşəbbüsu ilə Xalq Təsərrüfatı Şurasının nəzdində neft və digər sənaye sahələri üzrə xarici təcrübənin mənimsənilməsi və bu mövzuda yazılmış xarici ədəbiyyatın öyrənilməsi məqsədilə xarici dil kursları təşkil edilmiş, xarici texnikanın neft və digər sənaye sahələrində tətbiqi işinin təşkili üçün Xüsusi Komitə yaradılmışdır. Qazma işində qabaqcıl təcrübənin öyrənilməsi üçün altı ay ABŞ-də təcrübə keçən Q.B.Ağaverdiyev gördükləri barədə İttifaq Xalq Ağır Sənaye Komitəsinin rəhbərinə ünvanladığı məktubunda qeyd edirdi: “Biz qazma sahəsində xeyli geridəyik, xüsusilə qazma texnikasını dərin qazma işlərində tam mənimsəyə bilməmişik. Bizim zavodlar Amerika zavodlarından daha yaxşı təchiz olunub, lakin buraxdığımız məhsul keyfiyyətinə görə piş işləyir.” Arxiv sənədlərinə əsasən deyə bilərik ki, 20-30-cu illərdə ölkəmizdə neft sənayesində elmi-tədqiqat, təcrübə-sınaq işlərinin həcmi xeyli artmış, milli istehsala başlamaqla xarici avadanlıqlardan asılılığın azaldılması istiqamətində məqsədyönlü işlər aparılmışdır. Həmin illərdə Bakıda olmuş amerikalı mütəxəssis L.Yupen sonralar ölkəsində çıxan “Neft mühəndisi” jurnalında yazmışdı: “Amerikanın heç bir neft üzrə elmi-tədqiqt müəssisəsi təchizatı, iş şəriti və işçilərin sayına görə Moskva, Bakı və Qroznıdakı neft üzrə elmi-tədqiqat müəssisəsi ilə müqayisə oluna bilməzlər, onların hər biri digər ölkələrin etmədiyi işləri görürlər və bu işlər gələcəkdə neftçıxarma, neftemalı sahələrində yüksək nəticəyə səbəb olacaqlar”. L.Yupen bunun səbəbini həmin müəssisələrin arasında rəqabətin olmaması və vahid nəticə üçün birgə elmi fəaliyyət göstərməsi ilə izah edirdi. Həqiqətən də, qısa müddətdən sonra Amerikalı mütəxəssisin dediyi kimi, Azərbaycanın neft sənayesində kəskin dəyişikliklər baş verdi. Yeni turbin qazma üsulunun tətbiqinə başlanıldı, neft yataqlarının kəşfi və mənimsənilməsi sürətləndi, maşınqayırma zavodlarında mürəkkəb neft avadanlıqlarının (dərin qazma nasosların, avtomatik elevatorların və s.) istehsalına start verildi. Əldə olunan nəticələr Azərbaycanın neft sənayesinin xarici avadanlıqlardan asılılığını aradan qaldırdı, qazma işində və quyuların istismarında tətbiq edilən yeniliklər, neft və qaz hasilatının həcmində əhəmiyyətli artıma səbəb oldu.
Neft sənayesində elmi-texniki tərəqqinin ən yüksək zirvəsi 1949-cu ildə dünyada ilk dəfə Bakıda açıq dənizdə nəhəng “Neft daşları”nın əsasının qoyulması oldu. “Neft daşları” bütün dünyanın həsəd apardığı insan düşüncəsinin möcuzəsi idi. Artıq Azərbaycanın neft sahəsindəki təcrübəsinin öyrənilməsinə maraq artdı və bu sahədə çalışan alimlərimiz xaricə dəvət olunmağa başlandı. Sonrakı illərdə də Azərbaycan öz neft-qaz məhsulu ilə dünya miqyasında tanınmaqla yeni-yeni uğurlar əldə etdi.
Ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” kimi tarixə düşmüş yeni neft strategiyasını işləyib hazırladı. Bu strategiyanın əsas qayəsini Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnika və texnologiyanın köməyi ilə hasilatı, xarici bazarlara ixrac olunması, satışı və bu sahədən əldə olunan gəlirlərdən ölkənin bütün problemlərinin həlli və əhalinin sosial rifahı üçün səmərəli istifadəsi təşkil edirdi. Lakin müstəqilliyin ilk illərində məhdud maliyyə və texniki imkanlara malik Azərbaycan Xəzər dənizinin zəngin karbohidrogen yataqlarını işləməyə, kifayət qədər neft və qaz hasil etməyə qadir deyildi. Yeni neft strategiyasında bu amil nəzərə alınmış, hədəfə çatmaq üçün dünya təcrübəsinə müraciət etmək, müasir texnika və texnologiyaya malik olan ölkələr, şirkətlər ilə əlaqə qurmaq, onların bu sahəyə sərmayə qoymasına şərait yaratmaq vacib şərt hesab edilirdi. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti- ABƏŞ) arasında imzalanan “Əsrin müqaviləsi” Azərbaycan dövlətinin yeni neft strategiyasını rəsmiləşdirdi. Sonrakı mərhələdə bu strategiya Heydər Əliyevin layiqli davamçısı, qalib ölkənin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft-qaz strategiyası, enerji sahəsindəki iri miqyaslı layihələr ölkəmizdə institusional islahatların həyata keçirilməsini, yeni texnoloji biliklərə əsaslanan iqtisadiyyatın, idarəetmə, milli təhlükəsizlik, müdafiə sistemlərinin formalaşdırılmasını, habelə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etdi, Azərbaycanı qabaqcıl dünya dövlətlərinin etibarlı tərəfdaşına və müttəfiqinə çevirdi. Nəhəng mədən sənayesinə, enerji resurslarına malik olan və ondan böyük uzaqgörənliklə istifadə edən müstəqil Azərbaycan dünyanı narahat edən qlobal iqlim dəyişiklərinin müzakirə olunduğu COP29 kimi mühüm beynəlxalq tədbirin təşkilatçısı olaraq, qütbləşməkdə olan dünyanı həmrəyliyə, dialoqa, sülhə səsləyən qüdrətli dövlət statusu qazandı.







0 Comments