Azərbaycan Arxivinin 105 illiyi
”Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”
Heydər Əliyev

Arxivlər hər bir xalqın və dövlətin tarixi yaddaşı, mədəni kimliyi və mənəvi irsinin qoruyucusudur. Onlar keçmişi bu günə, bu günü isə gələcəyə bağlayan mühüm elmi və hüquqi mənbələrdir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, ictimai - siyasi və mədəni həyatı ilə bağlı sənədlər də məhz Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində və onun tabeliyindəki dövlət arxivlərində mühafizə olunur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi müstəqil dövlətimizin tarixi yaddaşını qoruyan, dövlətçilik ənənələrimizin və milli dəyərlərimizin davamlılığını təmin edən strateji əhəmiyyətli qurumlardan biridir.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi də məhz bu məqsədlə - arxiv sənədlərinin qorunması, toplanması və gələcək nəsillərə ötürülməsi üçün fəaliyyət göstərir.
Ölkəmizdə arxiv işinin tarixi XX əsrin əvvələrinə gedib çıxır. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət idarəçiliyinin əsas prinsipləri formalaşdırılarkən arxiv işinə də xüsusi diqqət yetirilmişdi. 1918 – ci ildə Nazirlər Şurası qərar qəbul edərək dövlət idarələrinin sənədlərinin qorunması ilə bağlı tədbirlər planı hazırlamışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa fəaliyyəti səbəbindən mərkəzləşdirilmiş dövlət arxiv sistemi tam şəkildə yaradıla bilmədi. Bununla belə, bu dövr arxiv işinə milli dövlət səviyyəsində yanaşmanın başlanğıcı kimi tarixə düşdü.
1920 – ci ilin dekabrında Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «Vahid Dövlət Arxiv Fondunun yaradılması haqqında» və «Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekret respublikada arxiv işinin əsasını qoydu. Bu sənədlə bütün dövlət, ictimai və şəxsi arxivlər vahid dövlət fonduna birləşdirildi. 1922 – ci ildə Azərbaycan Mərkəzi Dövlət Arxivi yaradıldı və ölkədə arxiv sənədlərinin toplanması, sistemləşdirilməsi və qorunması istiqamətində işlərə başlanıldı.
Müstəqillik dövründə arxiv işi yeni mərhələyə qədəm qoydu. Bu sahədə əsas hüquqi sənəd 1999-cu il 22 iyun tarixli «Milli Arxiv Fondu haqqında» Qanundur. Qanunda arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və dövlət arxivlərinin fəaliyyəti qaydaları ətraflı təsbit olunub.
Azərbaycan Respublikası Prezidentinin 2002 – ci il 2 dekabr tarixli Fərmanı ilə «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» qərar qəbul olundu. Bu fərman əsasında arxivlərin idarə olunması və vahid siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradıldı.
Hal - hazırda Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri daxildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi sistemində sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi Laboratoriya da fəaliyyət göstərir. Laboratoriyada sənədlərin həm konservasiya (sənədin mövcud halının qorunması), həm də restavrasiyası (zədələnmiş hissələrin bərpası) işləri aparılır.
Son illərdə arxiv işində rəqəmsallaşdırma prosesi sürətlə inkişaf edir. «Elektron arxiv» layihəsi çərçivəsində sənədlərin elektron versiyaları yaradılır və onlayn məlumat bazaları formalaşdırılır, Beynəlxalq standartlara uyğun müasir arxiv infrastrukturunun qurulması həyata keçirilir. Bu, həm arxivlərin mühafizəsini, həm də vətəndaşların sənədlərə çıxış imkanlarını asanlaşdırır.
Müstəqil Azərbaycan Respublikasının arxiv xidməti geniş şəbəkəyə malikdir. Arxiv sistemi beynəlxalq arxiv təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan arxivçiləri təcrübə mübadiləsində iştirak edir, beynəlxalq sərgilərdə sənədlər nümayış olunur və milli irsimiz dünyaya tanıdılır.
Azərbaycan Respublikasının arxivi təkcə dövlətin tarixi sənədlərini deyil, həm də Azərbaycan xalqının mədəni, elmi və ictimai həyatına dair dəyərli materialları qoruyur. Arxiv sənədləri əsasında çoxsaylı elmi tədqiqatlar, kitablar və monoqrafiyalar hazırlanır. Bu sənədlər Azərbaycanın dövlətçiliyinin, milli kimliyinin və mədəni irsinin əsas sübutlarındandır. Gənc nəslə tariximizi öyrənmək üçün etibarlı mənbələr təqdim edir. Arxiv sənədlərinin qorunması və rəqəmsallaşdırılması gələcək nəsillərin keçmişi daha dərindən dərk etməsinə imkan yaradır.
Arxiv Fondunun ən qiymətli sənədləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) hökümət sənədləri, 1919 – cu il Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sənədləri, Böyük Vətən Müharibəsi dövrünə aid arxiv materialları, Azərbaycan mədəniyyət və elm xadimlərinin şəxsi fondları xüsusi yer tutur. XX əsrin sonlarında Qarabağ münaqişəsi ilə bağlı sənədlər və 44 günlük Vətən Müharibəsinin materialları qorunub saxlanılır.
Bu sənədlər xalqımızın mübarizə, dövlətçilik və milli kimlik tarixini əks etdirən ən dəyərli mənbələrdir.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi dövlət və cəmiyyət üçün strateji əhəmiyyətə malik bir qurum olaraq ölkəmizin tarixi yaddaşını gələcəyə daşıyır.
.




0 Comments