19 apr, 2026
Dövlət Arxivi

Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

        Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

                                                            

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda 

ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə yazıldı. Bu gün aprel döyüşlərindən artıq 10 il keçir, amma bu döyüşü zəfərin başlanğıcı kimi adlandıra bilərik.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. 

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

        Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi.

 Aprel döyüşlərində Azərbaycan hərbçilərinin yüksək qabiliyyətli döyüş bacarıqları və uğurları dövlət başçısı tərəfindən çox yüksək qiymətləndirildi. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü, 7 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 1 hərbi qulluqçusu 2-ci dərəcəli və 4 hərbi qulluqçusu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 hərbi qulluqçusu "Vətən uğrunda" medalı, 43 hərbi qulluqçusu "İgidliyə görə" medalı, 45 hərbi qulluqçusu "Hərbi xidmətlərə görə" medalı, 2 hərbi qulluqçusu "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı. Bu cəbhə boyu baş verən döyüşlər zamanı  Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi Polad İsrayıl oğlu Həşimovu yad etmək istəyirik.

 

                                                                                                               

Təltifləri


    Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə 

Sumqayıtşəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib.1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib. Həmçinin 1994-cüldə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib, hərbi təhsilini təkmilləşdirib. Həmin ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub.


 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib. 02-04 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub, döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.      

 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

    

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

     İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

    İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib.  8 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

        Aprel Qələbəsindən sonra 2018-ci mayında Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə iyulunda isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər qazanıldı, ədalət bərpa edildi.
   Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir. Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi və bu torpaqların azad olunması uğrunda  öz canlarından keçən şəhidlərimizin  xatirəsi əbədidir. Şəhidlik elə bir dəyərdir, bu dəyəri yaşatmaq gərəkdir. Bu dəyəri qorumaq Azərbaycan Respublikasının Dövlət Arxivi üçün də əsas vəzifələrdən biridir. Bu məqsədlə  “ Azərbaycanın Milli Qəhrəmanları” fondu  yaradılıb və bu məqalədə istifadə olunan şəkillər general -mayor Polad Həşimovun şəxsi fondu üçün ailəsi tərəfindən təqdim olunan şəkillərdəndir. Vətənimizin  azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi əbədi yaşamalıdır, bu bizim onların müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur.  

0 Comments

Leave a comment