85 İxtiranın müəllifi
Əməkdar ixtiraçı, AzİNMAŞ-ın aparıcı mühəndis – konstruktoru, institutun direktoru işləmiş Ənvər Seyfulla oğlu İbrahimovun Azərbaycanda Neft Maşınqayırma Sənayesinin inkişafında müstəsna xidmətləri olmuşdur.
Ənvər İbrahimov 1923-cu il iyun ayının 28-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsinə qəbul olunmuş, 1946-cı ildə ali təhsilli mühəndis kimi təyinatla Azərbaycan Neft Maşınqayırma Tikintisi institutuna göndərilmişdir. Gənc mütəxəssis institutda mühəndis, baş mühəndis, layihələrin baş mühəndisi vəzifələrində çalışmış, 1959-cu ildə 6-cı şöbənin rəisi olmuşdur.
Ə.İbrahimov 1952-1953-cü illərdə müqavilə ilə Azərbaycan Pedaqoji institutunda, 1959-cu ildən isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda işləmişdir. 1939-1953-cü illərdə komsomolun, 1973-cü ildən isə Sov.İKP-nin üzvü olmuşdur.
“Qafqazın müdafiəsinə görə” (1945-ci il) medalı, “Şərəf nişan“ (1966-cı il ) ordeni ilə təltif edilmişdir.1969-cu ildə Ənvər İbrahimov “Azərbaycan SSR-in əməkdar ixtiraçısı” fəxri adı verilmişdir. SSRİ Xalq Təsərrüfatı Nazirliyinin “Sosializim yarışının əlaçısı” fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgilərinin bir qızıl, iki gümüş medalı ilə təltif olunmuşdur.
AzİNMAŞ-ın baş mühəndisi (1972), elmi işlər üzrə direktor müavini, direktoru (1978-ci il) vəzifələrində çalışmışdır.
Ə.İbrahimov həm də geniş ictimai iş aparmışdır. O, AzİNMAŞ-ın ekspert komissiyasının sədri, institutun texniki sovetinin director müavini kimi hərtərəfli fəaliyyət göstərmişdir.
Işlədiyi illər ərzində özünü təcrübəli və təşəbbüskar mühəndis, neft sənayesi avadanlıqlarının yaradılması sahəsində təşəbbüskar ixtiraçı kimi qələmə vermişdir. Bu cəhətlərinə görə novator mühəndisin ixtiraları təkcə SSRİ-də deyil, xarici ölkələrdə də maraqla qarşılanmışdır. 1965-ci ildə Rumıniyada , 1966-cı ildə Yuqoslaviyada, 1979- cu ildə Fransada ezamiyyətlərdə olmuşdur.
Ənvər İbrahimovun bilavasitə rəhbərliyi və iştirakı ilə quyuların sement örtüyü ilə bağlanılmasının kompleks avadanlıqları, layların kimyəvi turşularla hidroayrılması, qumlu sahələrin yuyulması, “Bakılı – 2” mədənində qaldırıcı aqreqatın hazırlanması işləri həyata keçirilmişdir ki, bu da neft və qaz istehsalı sahəsində yeniliklər kimi qiymətləndirilmiş, iqtisadiyyata küllü miqdarda gəlir gətirmişdir.
“Bakınskiy raboçiy” qəzeti Ə.İbrahimova geniş məqalə ayırmışdı. “Yeni texnikanın yaradıcıları” məqaləsi bütövlükdə onun fəaliyyətinə həsr edilmişdi.
“Ənvər İbrahimov aqreqatın ön hissəsinin nasosunun layıhəsinin müəllifi və baş mühəndisidir”. (ARDETSA, fond 117, siy 1, s.v 36, K.Varlamov, ”Bakinskiy raboçiy” qəzeti, 25 may, 1960-cı il )
“Vışka” qəzeti öz səhifələrində yazırdı:
“Uzun müddət idi ki, Azərbaycanın neft sənayesi dərin laylarda hidravlik aralıqların yaranması, quyularda qazma işlərinin sürətlə və keyfiyyətlə aparılması sahəsində müəyyən çətinliklərlə rastlaşırdı. Bu vaxta qədər maksimum 300 atmosfer təzyiqdə qazma işləri aparmaq mümkün idi. Kontorun əməkçiləri Qroznının “Krasnıy molot” zavodunun baş konstruktoru N.Sobolevlə birlikdə təklif etdikləri layihə əsasında 5 yeni “AM-500” əyici aqreqat almışdır. Bu cihazın köməyi ilə qazma işlərində 500 atmosfer təzyiqlə işləri aparmaq mümkün idi. Aqreqatın ilk sınağı “Stalinneft”, “Qaradağneft”, “Orconikidzeneft”in 2984, 112, 6, 921 №-li yataqlarında aparılmış və uğurla həyata keçirilmişdir nəticədə plan tapşırığının 106,7 faiz yerinə yetirilməsinə nail olmuşdur”. (ARDETSA, fond 117, siy 1, s.v.36 )
Ə.Ibrahimov bir çox eksperimental tədqiqat işlərinə rəhbərlik etməklə yanaşı, aparıcı qaytarıcı nasosların yaranmasında aparıcı sima olmuşdur. Bütövlükdə 14 müəllif şəhadətnaməsinin, 85-dən çox yeni ixtiranın müəllifi olmuşdur. Gələcəkdə AzİNMAŞ-ın direktor müavini, direktoru olacaq Ə.İbrahimov neft emalı sahəsində intensifikasiya göstəricilərinin yüksəlməsi, fəvvarəli armaturların onların korroziyaya uğramasının qarşısının alınması, yelləncəkli dayaqların reduktorunun istifadəsi, quyularda kompleks mexaniki təmir və.s.işlərinin yaradıcılarından biri olmuşdur.
Fəal ictimayyətçi olan Ə.İbrahimov İnstitutun həyatında da qabaqcıllardan sayılmışdır: Partiya bürosunun üzvü, iqtisadıi təhsil üzrə metodiki şuranın sədri, MİXXİMMAŞ-ın elmi-texniki bölməsinin sədri “Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiya heyyətinin üzvü və.s.
Öz gərgin zəhməti, fədəkarlığı sayəsində dövlətinə, xalqına verdiyi misilsiz ixtiralarla və ictimai fəaliyyətinə görə Ənvər Seyfulla oğlu İbrahimov yaddaşlarda həmişə yaşayacaqdır.
Məqalənin hazırlanmasında 117 №li fondun sənədlərindən istifadə olunmuşdur







0 Comments